"Bu Gün Bir çox ölkələr Etnik Və Dini Parçalanmalarla üzləşərkən, Azərbaycan Müxtəliflik üzərində Birliyi Qurmağı Bacarıb" - AÇIQLAMA

"Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olub" - bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynayıb. "Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir", deyə Prezident İlham Əliyev vurğulayıb. "Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiya Mədəniyyət Şurasının 4-cü iclasına ünvanladığı müraciət həm siyasi, həm də ideoloji baxımdan çox mühüm mesajlar daşıyır" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib: "Prezidentin çıxışında vurğulanan əsas fikir ondan ibarətdir ki, Azərbaycan minilliklər boyu müxtəlif sivilizasiyaların kəsişdiyi, mədəniyyətlərin toqquşmadığı, əksinə, qovuşduğu bir məkan olub. Bu, sadəcə coğrafi mövqe deyil, tarixi reallıqdır. Azərbaycan tarixən Şərqlə Qərbin, İslamla Xristianlığın, Türk dünyası ilə Avropa sivilizasiyasının kəsişdiyi bir nöqtədə yerləşib. Bu məkanda dinlər bir-birini inkar etməyib, əksinə, bir-birini tamamlayıb. Prezidentin "multikulturalizm və tolerantlıq dövlət siyasətimizin əsas istiqamətlərindəndir" fikri təsadüfi deyil. Çünki bu siyasət təkcə bir ideoloji şüar deyil, Azərbaycan modelinin əsasıdır. Müasir dövrdə bir çox ölkələr etnik və dini parçalanmalarla üzləşərkən, Azərbaycan müxtəliflik üzərində birliyi qurmağı bacarıb. Bu, dövlətin deyil, həm də cəmiyyətin düşüncə kodundan gələn bir dəyərdir. Təsadüfi deyil ki, Azərbaycanda yüzlərlə dini icma sülh və qarşılıqlı hörmət içində fəaliyyət göstərir. Bakıdakı sinaqoqlar, kilsələr və məscidlər bir yerdə dayanırsa, bu, sadəcə dini tolerantlıq deyil, mədəni sintez nümunəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəyərlərin qorunması sadəcə keçmişin yadigarı deyil, gələcəyin zəmanətidir. Azərbaycanın bu mövqeyi həm də regionda sabitliyin təminatına çevrilib. Çünki multikultural mühit güclü dövlətçilik üçün sosial harmoniya yaradır. Dövlətin mədəni diplomatiyası, xüsusilə də Bakı Prosesi kimi təşəbbüslər bu siyasətin beynəlxalq platformalarda tanıdılmasına xidmət edir. İlham Əliyev təkcə daxili siyasətdə deyil, qlobal müstəvidə də mədəniyyətlərarası dialoqun təbliğatçısı kimi çıxış edir. Bu, Azərbaycanın yumşaq güc strategiyasının mühüm komponentidir. Bütün bunlar göstərir ki, Azərbaycanın multikulturalizm siyasəti təsadüfi seçilmiş istiqamət deyil, dərin tarixi və sivilizasion təməllərə söykənən bir dövlət fəlsəfəsidir. Prezidentin müraciətindəki hər fikir həm milli kimliyi qorumağa, həm də dünyaya açılmağa yönəlib. Məhz buna görə də Azərbaycan bu gün təkcə enerji və geosiyasi layihələrin deyil, mədəni inteqrasiyanın da mərkəzinə çevrilib".