Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bildirib.
Bunu K.Tokayev Qazaxıstan xalqına müraciəti zamanı deyib.
"İlin sonunda Rusiya və Özbəkistana rəsmi səfərlərim olacaq. Həmçinin Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərinin Astanaya səfərləri hazırlanır, bir sıra Asiya, Avropa, Afrika ölkələrinin başçıları ilə görüşlər və danışıqlar planlaşdırılıb", - K.Tokayev bildirib.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfərinin hazırlandığını bəyan etməsi regionda artan geosiyasi dinamikanın və yeni əməkdaşlıq formatlarının formalaşmasının göstəricisidir"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmaylov deyib:
"Bu səfər həm ikitərəfli münasibətlərin dərinləşməsi, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Tokayevin müxtəlif ölkə liderlərinin Astanaya səfərlərini qeyd etməsi Qazaxıstanın çoxşaxəli və balanslı xarici siyasət kursunun davam etdiyini göstərir.
Qazaxıstan Prezidentinin dünya vəziyyəti ilə bağlı bəyanatları, xüsusilə də sülh və tərəqqi naminə kompromislərin axtarılması zərurətini vurğulaması Astana platformasının beynəlxalq vasitəçilikdəki rolunu gücləndirmək istəyini əks etdirir. Bu kontekstdə onun Alyaskada Rusiya-ABŞ sammitinin nəticələrini və Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannaməni alqışlaması diqqətəlayiqdir. Bu, Qazaxıstanın münaqişələrin sülh yolu ilə həllinə və regional sabitliyin təmin edilməsinə verdiyi əhəmiyyəti göstərir.
Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan Birgə Bəyannamənin qeyd edilməsi sülh prosesinin beynəlxalq səviyyədə tanınması və dəstəklənməsinin bir əlamətidir. Bu, həm də Qazaxıstanın, regionda sabitliyi təmin edə biləcək hər hansı bir sülh təşəbbüsünə müsbət yanaşdığını vurğulayır. Azərbaycan və Ermənistan arasında əldə edilmiş bu razılaşma Cənubi Qafqazda davamlı sülhün qurulması istiqamətində vacib bir addımdır.
Azərbaycan Prezidentinin Astanaya səfəri zamanı bir sıra mühüm iqtisadi, energetika və nəqliyyat layihələrinin müzakirə edilməsi gözlənilir. Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən "Orta Dəhliz"in inkişafı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Bu, həm regionun iqtisadi potensialını artıracaq, həm də Avropa və Asiya arasında yeni ticarət yolları açacaq. Enerji sahəsində də əməkdaşlıq perspektivləri genişdir, Qazaxıstanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında Azərbaycanın tranzit ölkəsi kimi rolu artır.
Ümumilikdə, Qazaxıstan Prezidentinin müraciəti regional və qlobal miqyasda sülh, sabitlik və əməkdaşlığın təşviqinə yönəlmiş balanslı siyasətin təsdiqidir. Bu, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq platformalarını gücləndirmək, münaqişələrin həllinə dəstək vermək və iqtisadi inteqrasiyanı dərinləşdirmək məqsədi daşıyır. Azərbaycan və Qazaxıstanın Türk Dünyası çərçivəsində artan rolu bu prosesdə əsas hərəkətverici qüvvədir".
Mənbə: https://sonxeber.az