İlham Əliyev Yeni Seçilmiş Roma Papasını Təbrik Edib

İlham Əliyev Yeni Seçilmiş Roma Papasını Təbrik Edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Sonxeber.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir: "Zati-müqəddəsləri. Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcək. Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm".

Mənbə: https://sonxeber.az