Azərbaycan ənənəvi enerji resurslarının həm hasilatçısı, həm də ixracatçısıdır. Yəni, ölkəmiz dünyada neft və qaz ölkəsi kimi tanınır. Buna baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə müvafiq infrastrukturun qurulması istiqamətində çox iri addımlar atan, böyük investisiyalar cəlb edən nadir neft-qaz ölkələrindəndir və bu iş hazırda sürətlə davam etdirilir. Məsələn, 2024-cü ildə Bakıda COP29 tədbiri keçirildi. Azərbaycan tədbirə ev sahibliyi etməklə bütün dünyaya sübut etdi ki, yaşıl enerjiyə keçid sahəsində böyük qətiyyət göstərməyə, hər cür vasitələrdən yararlanmağa və investisiyaları cəlb etməyə hazırdır.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin investisiya şirkətləri ilə bağlanan müqavilələr nəticəsində Azərbaycanda bərpaolunan enerji infrastrukturu sahəsində möhtəşəm nəticələr əldə olunduğunu qeyd edən ekspert, eyni zamanda, ölkəmizin digər dövlətlərlə də ikitərəfli əlaqələrdə maraqlı olduğunu və bunu geniş şəkildə nümayiş etdirdiyini bildirib.
Prezidentin yerli telekanallara müsahibəsindən qeyd etdiyi kimi, bu sahədə Çin ilə də əməkdaşlığın bünövrəsi qoyulub və Çin şirkətləri müvafiq infrastrukturun yaradılmasına başlayıb. Məlumdur ki, Çin bu sahədə dünyada ən böyük nailiyyətlər əldə etmiş ölkələrdən biridir.
Yaşıl enerji sahəsində müvafiq istehsal sahələrinin yaradılması da mühüm prioritetdir. Yaxın zamanlarda Azərbaycanda Günəş panelləri istehsal edəcək zavod tikiləcəkdir. Bu, çox mühüm layihədir, çünki Günəş panelləri və külək turbinləri kifayət qədər bahalı texnologiyalardır. Bu avadanlıqların xaricdən gətirilməsi əvəzinə ölkə daxilində istehsal olunması bizə həm vəsaitə qənaət etmək, həm də gələcəkdə həmin texnologiyaların ixracatçısına çevrilmək imkanı verəcək.
Yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə vurğulanıb ki, son illər ərzində Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu illər ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və hazırda Azərbaycan energetikasının generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Gələcəkdə də bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacağını nəzərə alsaq bu rəqəm daha artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin ediləcək, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac ediləcəkdir.
Azərbaycanın qısa müddətdə bu istiqamətdə atdığı addımlar dünya miqyasında çox yüksək qiymətləndirilir. Əsas məqsədlərdən biri daxili istehlakda ənənəvi enerji resurslarından istifadəni maksimum dərəcədə məhdudlaşdırmaq və qənaət olunan qazı ixrac etməkdir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 12-dən çox ölkəyə qaz ixrac edirik və tələbat getdikcə artır. Yaşıl enerji keçidinin əsas məqsədlərindən biri də elə budur - daxili tələbatı alternativ mənbələrlə ödəmək və daha çox mavi yanacağı xarici bazarlara yönəltmək.
2030-cu ilə qədər hədəfimiz elektrik enerjisi tələbatının 30 faizini bərpaolunan mənbələr hesabına ödəmək, ölkə daxilində istehlakın 1/3 hissəsinin yaşıl enerji ilə təminatına nail olmaqdır.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
2026-01-09
12:29:09
Gələcək Hədəflər Daha çox Yaşıl Enerji Istehsalıdır
Digər Xəbərlər
-
"Azərbaycan Həm Milli, Həm Regional, Həm Də Qlobal Səviyyədə Enerji Təhlükəsizliyinə Böyük Töhfələr Verir" - DEPUTAT
2026-01-10 12:44:06 -
"Azərbaycan Həm Milli, Həm Regional, Həm Də Qlobal Səviyyədə Enerji Təhlükəsizliyinə Böyük Töhfələr Verir" - DEPUTAT
2026-01-10 12:42:09 -
Donald Tramp Putini Devirə Bilər? - AÇIQLAMA
2026-01-09 16:36:10 -
"Bu Gün Azərbaycanın ümumi Generasiya Gücü 10 Min Meqavat Civarındadır" - DEPUTAT
2026-01-09 15:49:09 -
Ölkəmizin Uğurlu Enerji Strategiyası
2026-01-09 12:25:11