"Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları, xüsusilə də Albaniyada keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində verdiyi müsahibə bir daha onu göstərir ki, rəsmi İrəvan beynəlxalq ictimaiyyətin diqqətini çəkən mövzularda ikiüzlü yanaşma nümayiş etdirməkdə davam edir. Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı səsləndirilən fikirlər yalnız deklarativ xarakter daşıyır. Reallıq isə Ermənistan daxilində artan revanşist meyylərdə öz əksini tapır. İstər iqtidar, istərsə də erməni müxalifəti arasında yenidən müharibə şüarlarının artdığının şahidi oluruq".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, sülh yalnız konkret siyasi iradə, səmimi yanaşma və beynəlxalq öhdəliklərə hörmət əsasında mümkün ola bilər:
"Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü tam bərpa etmiş, beynəlxalq hüququn tələblərini reallaşdırmaqla regionda yeni geosiyasi reallıqlar formalaşdırmışdır. Bu gün Azərbaycan regionda sülhün və inkişafın əsas təminatçısı kimi çıxış edir.
Ermənistan rəhbərliyi nəhayət anlamalıdır ki, sülh yalnız konkret siyasi iradə, səmimi yanaşma və beynəlxalq öhdəliklərə hörmət əsasında mümkün ola bilər. Azərbaycanın nümayiş etdirdiyi yüksək siyasi mədəniyyət və hüquqa əsaslanan yanaşma regionun gələcəyi üçün real yol xəritəsidir. Ölkəmiz hər zaman olduğu kimi, bundan sonra da öz mövqeyində ardıcıl və prinsipial olacaq, sülh prosesində isə imitasiya deyil, nəticəyə hesablanmış konkret addımların tərəfdarı olacaqdır".
Vüsalə İbrahimli
Mənbə: https://sonxeber.az