"Modi rejiminin siyasəti təkcə Cənubi Asiyada deyil, həm də Qafqazda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdiddir".
Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X" sosial şəbəkə hesabında yazıb.
Səfir paylaşımında əlavə edib ki, Pakistan-Azərbaycan qardaşlığına heç nə mane ola bilməz.
"Pakistan səfirinin Modi rejimi haqqında sərt açıqlaması əslində təkcə diplomatik jest deyil, həm də geosiyasi mesajdır" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"İslamabad uzun müddətdir Hindistanın siyasətini yalnız Cənubi Asiyada yox, daha geniş coğrafiyada təhlükə mənbəyi kimi təqdim edir. Bu dəfə isə mesajın konkret olaraq Qafqaz kontekstində verilməsi diqqətdən yayınmamalıdır.
Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklaması təsadüfi deyil, İrəvanla yaxınlıq və Yeni Delhinin Qərbə inteqrasiya meyillərinin fonunda Bakıya qarşı balanssız siyasətin təzahürüdür. Pakistan isə bu prosesdə açıq şəkildə Azərbaycanın yanında mövqe tutur və Modi rejiminin siyasətini hədəfə alır. Beləliklə, İslamabadın mesajı həm Bakıya dəstək, həm də Hindistana xəbərdarlıq xarakteri daşıyır.
Səfirin "Pakistan-Azərbaycan qardaşlığına heç nə mane ola bilməz" ifadəsi iki ölkə arasındakı strateji tərəfdaşlığın səviyyəsini göstərir. Qarabağ müharibəsi dövründə olduğu kimi, bu gün də Pakistan Azərbaycanın suverenliyini və regional mövqeyini açıq şəkildə müdafiə edir. Bu həm də Bakının diplomatik cəbhədə əlavə güc qazandığını sübut edir.
Modi administrasiyasının siyasəti nəinki Cənubi Asiya, həm də Qafqaz üçün risk faktoru kimi dəyərləndirilir. Pakistan isə bu risklər fonunda Azərbaycanın yanında dayanaraq, geosiyasi ittifaqları gücləndirir. Bu, Bakının beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirən bir dinamika kimi qiymətləndirilməlidir".
Mənbə: https://sonxeber.az