KOBİA-dan Qadın Sahibkarlara Dəstək
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qadın sahibkarlara göstərdiyi dəstəyi davam etdirir. Agentlik tərəfindən indiyədək 33 qadın sahibkara ümumilikdə 500 min manatdan artıq qrant ayrılıb.
Bundan əlavə, 36 qadın sahibkar KOBİA tərəfindən "Startap" şəhadətnaməsinə layiq görülüb. Qadın sahibkarlar üçün müxtəlif mövzularda 5200-dən çox təlim təşkil edilib, 2600-dən çox məsləhət xidməti göstərilib. Bakı və regionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznes planlarının hazırlanmasında dəstək verilib.
KOBİA qadın sahibkarların yerli və beynəlxalq sərgilərdə iştirakına, ticarət şəbəkələrinə çıxışına da dəstək göstərir. Ümumilikdə 1030-dan çox qadın sahibkar bu imkanlardan yararlanıb.
Təsisçiləri qadın olan və investisiya təşviqi sənədi əldə edən 69 subyekt 2016-cı ildən bəri 82 layihə çərçivəsində 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edib.
Qadın sahibkarlar üçün Bakı və regionlarda 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib. Bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib.