"Boşandıqdan Sonra Yaşamaq Istəmirdim"

Britaniyalı müğənni Lili Allen British "Vogue" jurnalına verdiyi müsahibədə aktyor Devid Harborla boşandıqdan sonra yaşadığı ağır dövr barədə danışıb. Axşam.az xəbər verir ki, o, "Çox qəribə işlər" ("Stranger Things") serialı ilə tanınan Harborla 2024-cü ildə ayrılıqdan sonra dərin depressiya səbəbindən ölmək istədiyini etiraf edib. 2025-ci ilin əvvəlində isə psixi sağlamlığının pisləşməsi səbəbilə karyerasına fasilə verib. Müğənni həmin dövrdə demək olar ki, yatmadığını, az qidalandığını və altı illik ayıqlıqdan sonra içkiyə yenidən başlamağın astanasında olduğunu deyib: "Elə bir ümidsizlik hissi yaşayırdım ki, sanki tək çıxış yolum yenidən narkotik və alkoqol idi. Onlardan uzaq durmaq mənim üçün dözülməz idi. Bu vəziyyətdən çıxmaq üçün ilk dəfə könüllü şəkildə reabilitasiya mərkəzinə getdim. Çünki boşandıqdan sonra yaşamaq istəmirdim. Əvvəllər belə yerlərdə məcburi olmuşam, indi isə öz istəyimlə getdim. Bu, mənim üçün bir irəliləyişdir". Hazırda Lili Allen özünü daha yaxşı hiss etdiyini, meditasiya ilə məşğul olduğunu, psixoterapiyaya davam etdiyini və antidepressant qəbul etdiyini vurğulayıb. Qeyd edək ki, onun yaxın zamanda təqdim edəcəyi albomu ailə həyatı, dağılmış evlilik, dərin ağrı və xəyanət mövzularına həsr olunub.