KİV: Portuqaliya Fransanın Elektrik Təchizatındakı Gecikmələr Səbəbindən AK-ya Müraciət Edəcək

KİV: Portuqaliya Fransanın Elektrik Təchizatındakı Gecikmələr Səbəbindən AK-ya Müraciət Edəcək
Portuqaliya iqtidarı Pireney yarımadasının elektrik sistemində baş vermiş böyük nasazlıqdan sonra Fransanın elektrik enerjisi təchizatındakı gecikmələr səbəbindən yardım göstərilməsi xahişi ilə Avropa Komissiyasına (AK) müraciət etmək niyyətindədir. "Report" "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bunu Portuqaliyanın energetika naziri Maria Da Qrasa Karvalyo açıqlayıb. Qeyd olunub ki, müraciətin məqsədi Fransaya sərhədlərarası elektrik enerjisi təchizatı ilə bağlı "təzyiq göstərmək" olacaq. Nəşr bildirib ki, Parisin yeni qoşulmalarla bağlı gecikmələri Pireney yarımadasını zəif vəziyyətə salıb. "Bu, Avropa məsələsidir, bu, üç ölkənin məsələsi deyil", – Karvalyo bildirib və vurğulayıb ki, Portuqaliya AK Prezidentinə müraciət edəcək. Qeyd olunub ki, Pireney yarımadası Avropa İttifaqının qalan hissəsi ilə ən aşağı əlaqə səviyyələrindən birinə malikdir. İspaniya və bir sıra Avropa dövlətlərinin ərazisində elektrik şəbəkəsində böyük nasazlıq baş verdiyi 28 aprel tarixində Paris və Madrid arasındakı elektrik ötürücü xətləri daha geniş sistemin qorunması üçün avtomatik olaraq söndürülüb.

Mənbə: https://sonxeber.az