KİV: Nikolya Sarkozi Həbsxanada Təkadamlıq Kameraya Yerləşdiriləcək

Fransanın beş il həbs cəzasına məhkum edilmiş keçmiş prezident Nikolya Sarkozi cəzasını təkadamlıq kamerada çəkəcək. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, oktyabrın 21-dən etibarən Sarkozi Parisin cənubunda yerləşən Sante həbsxanasının təcridxanasında saxlanılacaq. Bu, Fransa paytaxtının ərazisində qalan yeganə həbsxanadır. Xatırladaq ki, sentyabrın 25-də Paris məhkəməsi keçmiş dövlət başçısını 2007-ci il prezident seçkisi kampaniyasının qanunsuz maliyyələşdirilməsi məqsədilə ətrafındakıların Liviya lideri Müəmmər Qəddafiyə müraciət etməsi ilə bağlı cinayətkar sövdələşmədə təqsirli bilib. Eyni zamanda, siyasətçi korrupsiya ittihamlarından bəraət alıb.