Avroviziyaya Ev Sahibliyi Edəcək ölkədən Sərt Xəbərdarlıq: "İsrail Olmayacaqsa, Biz Də Yoxuq"

Avroviziya Mahnı Müsabiqəsi İsrailin Qəzzadakı hücumlarına görə diplomatik böhrana çevrilib. İspaniya, İrlandiya, İslandiya, Niderland, Sloveniya və Belçika İsrail müsabiqədən kənarlaşdırılmasa, yarışmanı boykot edəcəklərini açıqlayıblar. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, lakin yarışmaya ev sahibliyi etməli olan Avstriya bunun əksinə mövqe nümayiş etdirib. Avstriyanın Baş naziri Kristian Ştoker verdiyi açıqlamada bildirib: "Əgər İsrail yarışmadan çıxarılarsa, Avstriya ev sahibliyi etməyəcək". O, ölkəsinin İsrailə olan dəstəyini bir daha vurğulayıb. Bənzər açıqlama ötən həftə Almaniya kansleri Fridrix Mersdən də gəlib. Mers deyib: "İsrail kənarlaşdırılarsa, Almaniya yarışmada iştirak etməməlidir". Avroviziyanı təşkil edən Avropa Yayım İttifaqı (EBU) Yaxın Şərqdəki hadisələrlə əlaqədar olaraq, noyabr ayında planlaşdırılan iclası dekabr ayına təxirə salıb. EBU üzvlərin 2026-cı il Avroviziyada iştirak məsələsini üz-üzə müzakirə edəcəyini açıqlayıb. Yarışmanın maliyyə dəstəkçiləri arasında yer alan "böyük beşlik" ölkələr – Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və İtaliya – qərar prosesində həlledici rol oynayacaqlar. Qeyd edək ki, bu ilin may ayında keçirilən yarışmada İsrail təmsilçisi Yuval Rafael xalq səsverməsində birinci, ümumi sıralamada isə ikinci olmuşdu. Münsiflər heyətindən yüksək xal alan Avstriya birinci yerə çıxaraq 2026 Avroviziya Müsabiqəsinin Vyanada keçirilməsi hüququnu qazanmışdı. Lakin İsrailin yarışmadakı iştirakı ilə bağlı müzakirələr davam etdikcə, Avroviziya tarixində ən böyük siyasi boykot dalğasının baş verəcəyi ehtimal olunur.