Boşanma, yalnız ailə qurmuş iki insanın yollarını ayırması deyil, eyni zamanda uşaqlar üçün də dərin emosional və sosial təsirlərə malik bir prosesdir. Valideynlərin ayrılığı uşaqların yaşına, xarakterinə və ailə daxilindəki münasibətlərin gedişatına görə fərqli şəkildə qəbul olunur.
Bəs görəsən uşaqlar valideyinlərin boşanmasından necə təsirlənir?
Sonxeber.az bu barədə psixoloq araşdırmasını təqdim edir:
"Məktəbəqədər yaşda olan uşaqlar boşanmanı çox zaman anlamır, lakin valideynlər arasında yaranan gərginliyi dərhal hiss edirlər. Onlar bu vəziyyəti özləri ilə əlaqələndirə, "məni sevmədikləri üçün ayrıldılar" kimi yanlış düşüncələrə qapıla bilərlər. Bu da uşaqlarda qorxu, narahatlıq və davranış pozuntularına səbəb ola bilər.
Məktəb yaşında olan uşaqlar isə artıq vəziyyəti daha yaxşı dərk edir, lakin çox zaman özlərini günahkar hiss edirlər. "Əgər sözə qulaq asmasaydım, bəlkə də anam-atam ayrılmazdı" kimi düşüncələr uşağın psixikasında günahkarlıq kompleksi yaradır. Bu yaşda valideynlərin uşağa daha çox dəstək göstərməsi vacibdir.
Yeniyetmələr boşanmanı adətən daha sərt qəbul edir. Onlar emosional baxımdan üsyankar davranışlar sərgiləyə, ailədən uzaqlaşaraq dost çevrəsinə və ya internetə daha çox yönələ bilərlər. Bəzi hallarda depressiya, aqressiya və ya inamsızlıq formalaşa bilər.
Psixoloqların fikrincə, uşaqlar üçün ən travmatik məqam valideynlərin bir-birini ittiham etməsi və uşaqları bu prosesdə "vasitəçi" kimi istifadə etməsidir. Uşaq valideynlər arasında seçim etməyə məcbur qaldıqda psixoloji yük daha da artır.
Mütəxəssislərin tövsiyəsi budur ki, boşanma prosesində valideynlər uşaqlara vəziyyəti sadə və aydın dildə izah etsinlər. Onlara sevginin dəyişmədiyini, hər iki valideynin yanında güvəndə olduqlarını hiss etdirmək lazımdır. Əks halda uşaqlarda gələcəkdə münasibətlər qurmaqda çətinlik, güvənsizlik və hətta ailə həyatına qarşı mənfi münasibət formalaşa bilər.
Nəticə etibarilə, boşanma uşaqlar üçün qaçılmaz bir travma olsa da, valideynlərin düzgün yanaşması və psixoloji dəstəyi ilə bu proses daha yüngül şəkildə adlana bilər".
Mənbə: https://sonxeber.az