"Əvvəlcə oradan başlamaq lazımdır ki, bu gün Süni İntellekt Akademiyasının açılışı oldu. Yəni, bu, ölkə təhsili adına çox önəmli bir addımdır. Buna görə hər birimizi ürəkdən təbrik edirəm!"
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Elmin Nurizadə danışıb.
O, açıqlamasında qeyd edib ki, süni intellekt təhsil başda olmaqla, az qala bütün sahələri əhatə edən, həyatın yeni bir axarını müəyyənləşdirən bir paradiqmadır:
"Süni intellekt artıq dövrün tələbi, gələcəyin əsas aynasıdır. Təhsil başda olmaqla, az qala bütün sahələri əhatə edən, həyatın yeni bir axarını müəyyənləşdirən bir paradiqmadır. Süni intellekt zaman, məkan və dövr anlayışını artıq tarixin bir hissəsinə ataraq, özü yeni bir tarixi başlanğıcın əsasını qoymaqdadır. Dünyada bir çox sahələrdə olduğu kimi, təhsil də süni intellektlə mütləq ayaqlaşmalı, onun funksiyalarından və imkanlarından istifadə etməli və bunu özünün avantajına çevirməlidir.
Doğrudur, deyirlər ki, süni intellekt gələcəkdə bir çox məsələlərə, xüsusən təhsil sahəsinə mənfi təsir göstərəcək. Amma şəxsən mən bu fikirlərlə razı deyiləm. Heç bir səbəb, predmet, hətta süni intellekt belə insanın yaradıcı bacarığını və gücünü əvəz edə bilməz. Bu gün süni intellekt minlərlə alimdən daha tez və dəqiq cavab vermək gücünə malikdir. Amma, 3-4 yaşlı uşaq belə indiyə qədər yaradılan və bundan sonra yaradılacaq süni intellekt alətlərindən daha bacarıqlıdır. Çünki onun böyük mənada hiss etmə qabiliyyəti var, onun zəkası ilə hiss və duyğularını birləşdirmək üstünlüyü var".
Ekspert onu da vurğuladı ki, ümumtəhsil müəssisələrində 5-ci sinifdən 11-ci sinifə qədər əlavə süni intellekt dərsləri yaradılmalıdır:
"Süni intellektin risklərindən danışdıqda biz onun insanı tamamilə ikinci dərəcəyə atacağı fikri ilə razılaşmamalıyıq. Bu gün ən vacib məsələ süni intellektdən düzgün istifadəni bacarmaqdır. Süni intellekt müəyyən bir dələduzluq meyarına deyil, çox vacib missiyalara xidmət etməlidir. Biz süni intellektdən düzgün istifadə qaydasına çox az bələdik. Bu gün biz təhsil sahəsi daxil olmaqla istənilən istiqamətlərdə süni intellektdən düzgün istifadənin yollarını öyrənməliyik.
Bu səbəbdən ilk növbədə ümumtəhsil müəssisələrində 5-ci sinifdən 11-ci sinifə qədər əlavə süni intellekt dərsləri yaradılmalıdır. Deyə bilərlər ki, informatika fənni var, rəqəmsal bacarıqlarla bağlı kurslar var və bunlarda süni intellektə də yer ayrılır. Amma süni intellekt o dərəcədə geniş və vacib bir istiqamətdir ki, onun tədrisi həftədə bir neçə dəfə aparılmalıdır. Eyni zamanda nəzəri və praktiki cəhətdən də addımlar atılmalıdır. Məktəblərdə süni intellekt fənninin necə keçirilməsi ilə bağlı artıq Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan Azərbaycan Təhsil İnstitutu və MÜTDA düşünməlidir. Bununla bağlı lazım gəldikdə işçi qrup yaradılmalıdır. Həmin işçi qrupun tərkibi əsasında müəyyən addımlar atılmalıdır.
Universitetlərdə də ixtisasından asılı olmayaraq hər bir tələbə birinci kursdan etibarən universitet tərəfindən yaradılacaq süni intellekt dərslərində iştirak etməlidir. Süni intellekt heç vaxt bir yerdə dayanmır, nəyinki dəqiqələri, hətta saniyələri belə gözləmir. Biz öz inkişafımızı bu gözləntilərlə paralel qurmalıyıq".
Vüsalə İbrahimli
Mənbə: https://sonxeber.az