Azərbaycanda sosial şəbəkələrdə saxta profillərdən edilən təhqir və böhtanlar artıq ciddi cinayət məsuliyyəti yaradır. Bəs görəsən bu əməlin qanunla cəzası nədir?
Vəkil Rəşad Əliyev bu barədə Sonxeber.az -a açıqlama verib:
"Böhtan və təhqirə görə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin məhkəməyə xüsusi ittiham qaydasında şikayəti əsasında aparılır.
Həmçinin Cinayət Məcəlləsinin 148-1 maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə də məsuliyyət nəzərdə tutulub. Bu maddədə "saxta istifadəçi adlar, profil və ya hesablar" dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Bu əmələ görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllə bağlı cinayət təqibi isə zərər çəkmiş şəxsin şikayəti əsasında və ya prokurorun təşəbbüsü ilə ictimai-xüsusi ittiham qaydasında aparılır".
Mənbə: https://sonxeber.az