şirvanda İdman Günü Coşqu Ilə Qeyd Olundu: Tədbirdən Reportaj

Şirvan şəhərində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş möhtəşəm regional tədbir keçirilib. Tədbir, Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, idarənin kollektivi, idman məktəblərinin nümayəndələri, veteran və gənc idmançılar iştirak ediblər.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Şirvan, Neftçala, Biləsuvar, Salyan və Hacıqabul rayonlarından olan 200-ə yaxın yeniyetmə və gənc idmançının müxtəlif idman növləri üzrə çıxışları nümayiş etdirilib.

İlqar Abbasov və Aydın Yusifov idmançıları təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Tədbirdə bir qrup idmançı və məşqçi-müəllim idman sahəsindəki nailiyyətlərinə görə Fəxri Fərman və Təşəkkürnamələrə layiq görülüblər.

Sonda idmançılarla xatirə şəkli çəkilib.