Son illərdə Azərbaycanda valideynlərin övladlarına yönəlik "mütləq yüksək bal toplamalıdır" yanaşması təhsil prosesinin məzmununa, psixoloji mühitə və müəllim fəaliyyətinə dərin təsir göstərməkdədir.
Bu yanaşma təhsil sistemini bilik və bacarıq yönümlü modeldən çıxarıb, nəticə və rəqabət yönümlü bir formata salır. Bu isə həm uşağın öyrənmə motivasiyasına, həm də müəllimin tədris azadlığına mənfi təsir edir.
Valideynlərin "uşaq mütləq yüksək bal toplamalıdır" yanaşması məktəbdə tədris prosesinə necə təsir edir? Bu təzyiq müəllimlərə necə yansıyır?
Təhsil eksperti Kamran Əsədov bu barədə Sonxeber.az -a açıqlama verib:
"Azərbaycanda "Təhsil haqqında" Qanunun 4-cü maddəsində təhsilin məqsədi "şəxsiyyətin hərtərəfli inkişafını təmin etmək, onun cəmiyyətin və dövlətin fəal üzvü kimi formalaşmasına şərait yaratmaq" kimi müəyyən olunur. Lakin valideynlərin bal mərkəzli yanaşması bu məqsədlə ziddiyyət təşkil edir, çünki uşağın təhsilinin əsas məqsədi artıq şəxsiyyətin formalaşması deyil, imtahanda yüksək nəticə əldə etməyə çevrilir. Bu, həm uşağın təhsil motivasiyasını, həm də təhsil sisteminin humanist mahiyyətini zəiflədir.
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi son islahatlar – formativ qiymətləndirmə sisteminin tətbiqi, "şagird nailiyyətlərinin inkişaf dinamikasının izlənməsi" mexanizmi və yeni tədris planlarının hazırlanması – bu təzyiqi azaltmaq, tədris prosesini uşağın inkişafına yönəltmək məqsədi daşıyır. Nazirlik xüsusilə son illərdə valideyn maarifləndirilməsinə diqqət ayırır, çünki təhsil siyasətinin uğuru təkcə məktəb deyil, ailə mühitinin düzgün münasibətindən asılıdır. Bu baxımdan Elm və Təhsil Nazirliyinin bu istiqamətdə maarifləndirici kampaniyalar və ictimai dinləmələr keçirməsi təqdirəlayiqdir.
Statistik göstəricilər göstərir ki, DİM-in son illərdə keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərin yalnız təxminən 14 faizi yüksək bal (600+) toplayır, lakin bu qrupun çoxunda təhlil və tətbiqetmə bacarıqları zəifdir. Eyni zamanda, ölkə üzrə orta nəticə 290–310 bal intervalında dəyişir. Bu o deməkdir ki, uşaqların böyük əksəriyyəti "yüksək bal" təzyiqi altında real potensiallarını göstərə bilmir. OECD-nin PISA 2022 hesabatına görə isə Azərbaycan şagirdlərinin yalnız 25%-i oxu və riyaziyyatda analitik düşünmə səviyyəsinə çatır, halbuki Finlandiyada bu göstərici 65%, Estoniyada isə 58%-dir. Bu fərq məhz nəticə yönümlü və anlayış yönümlü yanaşma arasındakı fərqi aydın göstərir.
Valideynlərin bu təzyiqi müəllimlər üzərində də psixoloji gərginlik yaradır. Müəllimlər çox vaxt dərs prosesində tədris keyfiyyətindən çox, şagirdin imtahanda bal toplamasına fokuslanır. Bu isə "Müəllimlərin etik davranış qaydaları"nın 2.1.1-ci bəndində yer alan "müəllim pedaqoji fəaliyyətdə müstəqilliyini və obyektivliyini qoruyur" prinsipinin pozulmasına gətirib çıxarır. Müəllim şagirdə obyektiv qiymət verməkdən çəkinir, çünki valideynin emosional təpkisi və sosial təzyiqi ilə üzləşmək istəmir. Bu, təhsildə ədalət prinsipini zədələyir və məktəbdə sağlam münasibətləri pozur.
Valideynlərin uşaqlara qarşı "bal təzyiqi" çox zaman sevgi ilə sınağı səhv salması ilə bağlıdır. Onlar övladlarına təhsil baxımından dəstək olmaq əvəzinə, onları öz sosial ambisiyalarının davamı kimi görürlər. Bu yanaşma uşağın psixoloji vəziyyətini pozur, özünəinamını azaldır, bəzən isə depressiya və məktəbdən uzaqlaşma hallarına gətirib çıxarır. UNICEF-in 2024-cü il hesabatına görə, Azərbaycanda 12–17 yaş qrupunda olan uşaqların 37%-i imtahan dövründə yüksək stress yaşadığını etiraf edib. Bu göstərici Skandinaviya ölkələrində 18–20% arasındadır. Deməli, Azərbaycanda valideyn təzyiqi iki dəfə daha güclü təsirə malikdir.
Dünya təcrübəsində təhsil siyasəti uşağın fərdi inkişafına əsaslanır. Finlandiyada, Norveçdə və Kanadada uşaqların qiymətləndirilməsi bal sistemi ilə deyil, inkişaf hesabatı ilə aparılır. Valideynlər övladlarının tədris nailiyyətlərinə deyil, öyrənmə maraqlarına və sosial bacarıqlarına görə fəxr edirlər. Bu, müəllimlərə tədris azadlığı verir, uşaqlarda isə öyrənməyə maraq və məsuliyyət hissi yaradır. Azərbaycanın bu modelə keçməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən atılan addımlar – xüsusilə "şagird yönümlü təlim metodlarının" tətbiqi, "diaqnostik qiymətləndirmə" və "formativ hesabatlar" – düzgün istiqamətdə atılmış strateji qərarlardır.
Bütün bunlarla yanaşı, dəyişməli olan əsas məsələ cəmiyyətin və valideynlərin düşüncə tərzidir. Təhsil yalnız imtahan nəticələri ilə ölçülməməlidir. Uşağın inkişafı, yaradıcılığı, dəyərləri və psixoloji sağlamlığı əsas prioritet olmalıdır. Valideynlər övladlarını başqaları ilə müqayisə etməkdən imtina etməli, məktəbdə müəllimə təzyiq göstərmək əvəzinə, onunla əməkdaşlıq etməlidirlər. Elm və Təhsil Nazirliyi bu istiqamətdə davamlı ictimai maarifləndirmə aparmalı və valideynləri övladlarının emosional rifahına yönəltməlidir.
Hesab edirəm ki, "yüksək bal toplamalıdır" düşüncəsi təhsili yarışa, uşaqları isə bal maşınlarına çevirir. Əsl təhsil nəticə deyil, prosesdir. Elm və Təhsil Nazirliyinin son illərdə bu anlayışı gücləndirməyə yönəlmiş islahatları strateji baxımdan çox əhəmiyyətlidir. Amma valideynlərin bu dəyişikliklərə uyğunlaşması üçün cəmiyyətin təhsil mədəniyyəti formalaşmalıdır. Təhsil yalnız bilik yox, həm də anlayış, münasibət və dəyər formalaşdırır — bunu anlamadan inkişaf mümkün deyil".
2025-10-31
17:11:10
"Yüksək Bal Toplamalıdır" Düşüncəsi Təhsili Yarışa, Uşaqları Isə Bal Maşınlarına çevirir" - AÇIQLAMA
Digər Xəbərlər
-
Sabahın Havası Meteohəssas Insanlar üçün əlverişli Olacaq?
2025-11-02 21:31:09 -
Noyabrın 3-ü Ilə Bağlı əhaliyə XƏBƏRDARLIQ - RƏSMİ
2025-11-02 19:26:10 -
Oktyabr Ayında ən çox Bahalaşan Və Ucuzlaşan Məhsullar AÇIQLANIB
2025-11-02 18:41:06 -
Həbs Edilən Icra Başçısını Kim əvəz Edir? - FOTO
2025-11-02 17:39:10 -
Baş Prokurorluq əməliyyat Keçirdi: Vəzifəli şəxslər Həbs Edildilər
2025-11-02 01:36:11