Gənclər hər bir ölkənin inkişafında həlledici rol oynayır. Onların potensialından səmərəli istifadə etmək üçün dövlət müxtəlif sosial və iqtisadi təşəbbüslər həyata keçirir. Təhsil imkanlarının artırılması, iş yerlərinin yaradılması və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, gənclərin gələcək perspektivlərinin formalaşmasına mühüm təsir göstərir.
Bəs görəsən Azərbaycanda gənclərin işsizliyinin qarşını almaq üçün hansı addımlar atılır?
Bu barədə sosioloq Üzeyir Şəfiyev Sonxeber.az -a açıqlama verib:
"Azərbaycanda gənclər keyfiyyətli əhali fondunun əsas hissəsini təşkil edir. Onların məşğulluğu, təhsili, sağlamlığı və karyerası ilə bağlı müxtəlif dövlət proqramları mövcuddur. Hər il yüzlərlə gənc müxtəlif ixtisaslar üzrə xarici ali məktəblərə göndərilir, eyni zamanda gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün güzəştli mənzil fondu və digər sosial layihələr həyata keçirilir.
Hazırda ölkədə ümumi işsizlik səviyyəsi təqribən 5,6 faiz təşkil edir. Lakin gənclər arasında bu göstərici 11 faizdən yuxarıdır. Bu, yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə olunan tendensiyadır. Buna baxmayaraq, gənclərin məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir və bu sahədə mühüm addımlar atılır.
İşsiz gənclərin müxtəlif dini sektalar və xarici təsir dairələri tərəfindən asanlıqla manipulyasiya edilə biləcəyi də nəzərə alınmalıdır. Ona görə də onların işlə təmin edilməsi strateji əhəmiyyət kəsb edir. Bu istiqamətdə dövlət proqramlarının əhatə dairəsinin genişləndirilməsi, xüsusilə region gənclərinə dəstəyin artırılması vacibdir. Regionlarda iş yerlərinin yaradılması və pay torpaqlarının verilməsi həm gənclərin məşğulluğunu təmin edər, həm də paytaxta axının qarşısını alar.
Eyni zamanda təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi də əsas hədəflərdəndir. Beləliklə, gənclər xaricdə oxumağa deyil, ölkə daxilində təhsil almağa üstünlük verə bilərlər.
Nəticə etibarilə, hər bir dövlətin gücü onun keyfiyyətli insan kapitalı ilə ölçülür. Gənclərin məşğulluğu, sosial rifahı və gələcəyi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir".
Çiçək Sadatova
Mənbə: https://sonxeber.az