"Bu Günün Maraqlı Toyu, Sosial şəbəkələrdə Unikal şou Kimi Göstərilir" - AÇIQLAMA

Son illərdə toy mərasimlərinin mahiyyətində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəllər toylar yalnız əyləncə deyil, həm də ailə dəyərlərinin, qarşılıqlı hörmətin və mənəvi nəsihətlərin önə çəkildiyi məclislər kimi qəbul edilirdi. Xalq arasında "vağazalı" adlandırılan giriş mahnısı və ya nəsihət hissəsi gənclərə ailə qurmanın məsuliyyətini xatırladır, toyun ruhuna dərinlik qatırdı. Lakin bu gün bir çox toylarda musiqi, şou və dəbdəbə ön plana çıxıb, vağzalı isə tədricən unudulub. Bəs, bu dəyişiklik insanların dəyərlərində, münasibət tərzində və ailə anlayışına baxışında hansı psixoloji səbəblərlə bağlı ola bilər? Vağazalı ənənəsinin unudulması cəmiyyətin mənəvi dəyərlərinə və ailə münasibətlərinə necə təsir göstərir? Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb. O, açıqlamasında qeyd edib ki, insanlar getdikcə cəmiyyətdə kök salmış milli dəyərlərdən çox, şəxsi təəssürata və insanlara göstəriş üçün fokuslanıblar: "Bu günün maraqlı toyu, sosial şəbəkələrdə unikal şou kimi göstərilir. Əvvəllər toy mərasimləri böyüklərin duasına,nəsillərin bağlanmasına,milli adət və ənənələrə yönəlirdi. Bu günki toylar psixoloji baxımdan insanlar sevincini və uğurunu başqalarına göstərməklə öz dəyərini təsdiqləmək istəyirlər. Vağzalı, yaxud uzun dərə həm də, musiqidən də başqa, ruhani təməldir və ailənin müqəddəsliyini, bir az da böyüməyi, məsuliyyət anlayışını daxilən oyadan notlardır. Bu günün ailələri ayrı- ayrılıqda şəxsi xoşbəxtlik fikri üzərində formalaşır.Amma ailə yalnız sevgi yox,həm də öhdəlik,bağışlama və birgə böyümə tələb edir.Bunu da əvvəllər vağzalı havası xatırladırdı". Vüsalə İbrahimli