Şərəf və ləyaqətin alçaldılması qanunla qadağandır. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsə öz şərəf və ləyaqətini müdafiə etmək hüququ verir. Buna baxmayaraq, son illərdə xüsusilə sosial şəbəkələrdə böhtan və təhqir halları daha çox müşahidə olunur. Qanunvericilik isə bu kimi əməllərə qarşı ciddi məsuliyyət nəzərdə tutur. Cinayət Məcəlləsinə əsasən, böhtan və təhqir törədən şəxslər həm cərimə, həm də azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər.
Vəkil A.Qəribli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Azərbayan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtana , 148-ci maddəsi ilə təhqirə görə məsuliyyəti nəzərdə tutur.
Böhtan – yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş , etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır. .
Bu əmələ görə, 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Ağır və xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmğa gğrə isə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.
Təhqir isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma əməlidir.
Bu əmələ görə isə 1000 min manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Böhtan və təhqirə görə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin məhkəməyə xüsusi ittiham qaydasında şikayəti əsasında aparılır"
Mənbə: https://sonxeber.az