"Azərbaycanda "başqaları" Sanki, "sosial Polis" Funksiyası Daşıyan Mistik Bir Varlıqdır" - SOSİOLOQ

""Başqaları nə deyər?" sindromu şərq toplumlarında, eləcə də Azərbaycan cəmiyyətində yeni bir fobiya deyil, yüz illər ərzində formalaşmış kollektiv mədəniyyətin düşüncə formasıdır. Ənənəvi icmalarda sosial həyatda fərdin davranışı daim kollektivin gözü ilə ölçülür. Yəni, sən təkcə özün üçün yaşamırsan, eləcə də ailən, sevdiklərin üçün yaşayırsan. Onları utandırmaq sənin üçün qəbuledilməz sayılır. Nəticədə isə, bəli, bəzən fərdi seçimlər cəmiyyətin kollektiv rəyinə qurban verilir". Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb. O, açıqlamasında qeyd edib ki, burada məsələ təkcə adət-ənənənin gücündə deyil, həm də zəif institutların boşluğunu cəmiyyət rəyinin doldurmasındadır: "Qanun və qaydaların şəxsi azadlıqları tam qorumaqda aciz qaldığı yerlərdə sosial nəzarət, başqa cürə ifadə etsək, "camaat nə deyər?" sualı alternativ məhkəmə rolunu oynayır. Bir az sarkazmla desək, Azərbaycanda "başqaları" sanki görünməz amma hər yeri müşahidə edən, "sosial polis" funksiyası daşıyan mistik bir varlıqdır. O sənin geyimindən tutmuş, evlənmə vaxtına, hətta neçə uşaq doğacağına qədər "protokol" hazırlayır, sən də bunlara əməl edirsən. Bu elə bir "protokol"dur ki, insanlar fərdi olaraq bu qanunları bəzən bəyənməsələr belə, çox vaxt bu protokola uyğun yaşamaqla həm qınaqdan, həm də ailə içi konfliktlərdən qaçdıqlarını düşünürlər. Nəticə etibarilə, bu sindromun gücü fərdi azadlığın yoxluğundan və kollektiv mədəniyyətin dominantlığından qaynaqlanır. Həll yolu isə "başqaları nə deyər?" sualını "mən nə istəyirəm?" sualı ilə yavaş-yavaş əvəzləməkdir. Amma, etiraf edək ki, bu keçid kollektivist şərq mədəniyyətlərində inqilab deməkdir və heç də tez və asan baş verəcək bir dəyişim prosesi deyil". Vüsalə İbrahimli

Mənbə: https://sonxeber.az