"Qızımı Mənə Qaytarmırlar" - Müalicə üçün Almaniyaya Gedən Ata

Müalicə üçün 15 yaşlı qızı ilə Almaniyaya gedən Azərbaycan vətəndaşı Rəşad Cavadov övladının əlindən alındığını iddia edir. R. Cavadov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Almaniyada müalicə almaq üçün tibb müəssisəsinə müraciət etsə də, daha sonra gözləmədiyi hadisə ilə üzləşib. Onun sözlərinə görə, bu ilin aprel ayında psixoloji vəziyyəti ilə bağlı müalicə almaq üçün Almaniyaya yollanıb: "Yoldaşımdan ayrıldığım üçün 15 yaşlı övladım S.Cavadovanı da özümlə gətirmişəm. Qızım tək və baxımsız qalmasın deyə Almaniyada "Jugendamt" adlı yeniyetmələr və uşaqlar qurumuna müraciət etdim. Onlara bildirdim ki, mən xəstəxanaya yollanıram, oradan çıxana qədər övladıma baxın. Qurum da müraciətimi qəbul etdi. Xəstəxanadan çıxdıqdan sonra uşağı təhvil almaq istəyirəm, lakin qızımı mənə qaytarmırlar. Onlar məndə olan psixoloji diaqnozu - şizofreniyanı əsas gətirirlər. Məsələ ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyinə dəfələrlə müraciət etdim, lakin onlar buna heç bir münasibət bildirmədilər. Övladımla birgə yenidən Azərbaycana qayıtmaq istəyirəm, lakin uşağı təhvil vermədikləri üçün qayıda bilmirəm". Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu ünvanlamışıq. Xatırladaq ki, bundan əvvəl azərbaycanlı ailə iki azyaşlı övladının Fransada əllərindən alındığını bildirmişdi. Lakin az sonra Azərbaycan vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladı Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Mənbə: https://sonxeber.az