Bu gün, saat 12:00-dan 14:00-dək İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub. Təxliyə edilənlər arasında Azərbaycan, Qırğızıstan, Çin və Gürcüstan vətəndaşları var.
Təxliyə prosesi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Fevralın 28-dən martın 5-i saat 14:00-a qədər İrandan Azərbaycana təxliyə olunanların ümumi sayı 1326 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 28-də başlayan hərbi əməliyyatlar səbəbindən indiyədək İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub. Onlar 45 ölkənin vətəndaşlarıdır. Bu müddət ərzində 259 Azərbaycan vətəndaşı sərhədi keçib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrail Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran da öz növbəsində İsrailə ballistik raketlər atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.