Müdafiə Nazirliyi bildirir ki, İran İslam Respublikasının silahlı qüvvələrinin bəyanatları qəbuledilməzdir. Baş Qərargahın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bildirməsi və İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə hücumları təkzib etməsi məqbul deyil.
Texniki vasitələrlə müəyyən edilib ki, İran silahlı qüvvələri tərəfindən dörd PUA Naxçıvana hücum etmək üçün göndərilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən məhv edilib, digərləri mülki infrastrukturu, o cümlədən orta məktəbi hədəfə alıb. Məktəbi hədəfə alan PUA xoşbəxtlikdən hədəfə çatmayıb və yaxınlıqda partlayıb.
Müdafiə Nazirliyi İran İslam Respublikasının silahlı qüvvələrindən inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzr istəməyi və günahkarların cəzalandırılmasını tələb edir.