"Azərbaycanda gənclərin xaricdə təhsil almağa artan marağı son illərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Statistika göstərir ki, 2010-cu illərdə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 7–8 min civarında idisə, 2023-cü ildə bu rəqəm artıq 15 mini ötüb. Onların əksəriyyəti Türkiyə, Rusiya, Gürcüstan və Şərqi Avropa ölkələrində təhsil alır, son illərdə isə Qərbi Avropa və ABŞ universitetlərinə maraq da yüksəlməkdədir. Bu meylin səbəbləri təkcə fərdi seçimlərlə bağlı deyil, həm də ölkə daxilindəki təhsil mühitinin vəziyyəti, əmək bazarının tələbləri və qloballaşma ilə bağlıdır".
Bu sözləri Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov danışıb.
O, açıqlamasında qeyd edib ki, müqayisə etdikdə görünür ki, məsələn, Almaniyada və Fransada xaricdə oxuyan tələbələrin böyük hissəsi təhsildən sonra vətənlərinə qayıdır, çünki onların ölkə daxilində iş imkanları genişdir, amma, azərbaycanda isə hələlik bu mexanizm zəifdir:
"Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində hər kəsin təhsil almaq hüququ təsbit olunub, "Təhsil haqqında" Qanunun 5-ci maddəsində isə ali təhsil sisteminin məqsədlərindən biri kimi beynəlxalq standartlara uyğun mütəxəssislərin hazırlanması göstərilir. Bu hüquqi çərçivə ölkədə təhsilin keyfiyyətinin dünya ilə ayaqlaşmasını tələb edir. Amma praktiki baxımdan hələ də bəzi universitetlərimiz müasir tələblərə cavab verə bilmir. Tədris proqramlarının bir hissəsinin əmək bazarının çağırışlarına uyğun olmaması, müasir laboratoriyaların və praktiki biliklərin çatışmazlığı, akademik mühitin beynəlxalq rəqabətdə zəif qalması gənclərin xarici universitetlərə yönəlməsinə səbəb olur.
Mənfi tərəflərindən biri budur ki, xaricdə oxuyan gənclərin əhəmiyyətli bir qismi təhsildən sonra geri qayıtmır. Bu, "beyin axını" problemini yaradır və ölkədə yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığına gətirib çıxarır. Həmçinin ailələrin üzərinə düşən maliyyə yükü də az deyil: məsələn, Avropa ölkələrində təhsil haqqı illik 5–10 min avro arasında dəyişir, bu isə orta statistik azərbaycanlı ailə üçün çox böyük məbləğdir. Bu səbəbdən bir çox gənc xaricdə oxumaq üçün kredit götürür və ya sosial çətinliklərlə üzləşir.
Müsbət tərəfi isə ondan ibarətdir ki, xaricdə təhsil alan gənclər yeni biliklər, müasir yanaşmalar və beynəlxalq əlaqələrlə geri dönərək ölkənin inkişafına mühüm töhfə verə bilirlər. Onların dünyagörüşü genişlənir, əmək bazarında rəqabət qabiliyyətləri artır, bu da cəmiyyətin modernləşməsinə təkan verir. Dünya təcrübəsi göstərir ki, Cənubi Koreya, Çin, Hindistan kimi ölkələr uzun illər gənclərin xaricdə təhsil almasını dəstəkləyib, paralel olaraq daxildə universitetlərini gücləndirib. Bu gün həmin ölkələrin universitetləri artıq dünya reytinqlərində yüksək pillələrdədir və öz gəncləri üçün xarici alternativlərlə rəqabət apara bilir. Azərbaycan da bu təcrübədən faydalanmalıdır
Müqayisə etdikdə görünür ki, məsələn, Almaniyada və Fransada xaricdə oxuyan tələbələrin böyük hissəsi təhsildən sonra vətənlərinə qayıdır, çünki onların ölkə daxilində iş imkanları genişdir. Azərbaycanda isə hələlik bu mexanizm zəifdir. Amma Elm və Təhsil Nazirliyinin son illərdə gördüyü işlər müsbət qiymətləndirilməlidir. Nazirlik xaricdə təhsil üzrə dövlət proqramları həyata keçirir, ikili diplom layihələrini genişləndirir, yerli universitetləri beynəlxalq akkreditasiyalardan keçirir və qlobal reytinqlərdə irəliləyişə nail olur. Bu, həm gənclərin ölkə daxilində keyfiyyətli təhsil almasına, həm də xaricdə təhsil alanların geri dönüşünə stimul yaradır".
Ekspert onu da vurğuladı ki, dəyişməli olan əsas məsələ daxili universitetlərin keyfiyyətinin artırılmasıdır:
"Tədris proqramları müasir əmək bazarına uyğunlaşdırılmalı, tələbələr üçün praktik bacarıqlar və tədqiqat imkanları genişləndirilməlidir. Beynəlxalq mübadilə proqramları artırılmalı, xarici professorların ölkə universitetlərində dərs deməsinə şərait yaradılmalıdır. Əgər bu tədbirlər sistemli şəkildə həyata keçirilsə, gənclərin xaricdə təhsilə marağı azalacaq, əksinə, Azərbaycana xarici tələbələrin marağı artacaq.
Bu istiqamətdə kömək layihələrinin hazırlanması da zəruridir. Məsələn, dövlət proqramı çərçivəsində xaricdə oxuyan tələbələrin məzun olduqdan sonra ölkəyə qayıdaraq ən azı 3-5 il dövlət və ya özəl sektorda işləməsi təmin edilə bilər. Digər tərəfdən, yerli universitetlərdə təhsil alan tələbələrin beynəlxalq təcrübə qazanması üçün yay məktəbləri, təcrübə proqramları və xarici universitetlərlə birgə layihələr artırılmalıdır. Bu, gənclərə həm ölkədə təhsil almağa maraq yaradacaq, həm də xarici biliklərdən faydalanmaq imkanı verəcək.
Hesab edirəm ki, gənclərin xaricdə təhsilə marağı həm daxili problemlərin nəticəsi, həm də qlobal imkanların cazibəsidir. Amma bu prosesin idarə olunması üçün dövlətin siyasəti balanslı olmalıdır: bir tərəfdən xaricdə təhsil almağa dəstək verməli, digər tərəfdən yerli universitetlərin inkişafını sürətləndirməlidir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addımlar müsbət işdir və gələcəkdə daha da genişləndirilməlidir. Bu siyasət həm "beyin axınının" qarşısını alacaq, həm də Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyini möhkəmləndirəcək".
Vüsalə İbrahimli
Mənbə: https://sonxeber.az