Deputat Müşfiq Cəfərov bildirib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində Vətənin müdafiəsində yaxından iştirak edib, siyasi və dövlət quruculuğunda vətənpərvərlik nümunələri göstərib.
O qeyd edib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası dövründə seçmək və seçilmək hüququ qazanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayıblar.
Müstəqillik əldə edildikdən sonra gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılıb, hüquqi baza formalaşdırılıb və müvafiq mexanizmlər yaradılıb. Azərbaycan qadını milli dövlət quruculuğunda fəal iştirak edərək ölkənin sosial-iqtisadi və mədəni potensialının artırılmasında dəyərli töhfələr verib.
Ulu Öndər Heydər Əliyev qadınlara xüsusi diqqət yetirib, onların fəaliyyəti üçün geniş imkanlar yaradıb və lider qadınlar yetişdirib. Son illərdə həyata keçirilən islahatlar qadınların iqtisadi imkanlarını genişləndirib və işsizliyin azalmasına səbəb olub.
Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və idman sahəsinə böyük töhfələr verirlər.
Qadınlarla bağlı bir çox qanunların qəbulu, fərmanların imzalanması və beynəlxalq təşkilatlara üzvlüklə bağlı mühüm sənədlərin tətbiqi qadın hüquqlarının reallaşmasına və təminatına təkan verib.
Deputat, bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Azərbaycan qadınının uğurunun ölkənin daha da güclənməsi yolunda addım olduğunu vurğulayıb.