ChatGPT-nin Sağlamlıqla Bağlı Verdiyi Məlumatlara Güvənmək Hansı Riskləri Doğura Bilər? - HƏKİM AÇIQLADI

Süni intellekt bu gün həyatımızın bir çox sahəsinə daxil olub. Amma tibbdə istifadəsi hələ də mütəxəssislər arasında mübahisələrə səbəb olur. Çünki dəqiq diaqnoz üçün yalnız şikayətlər kifayət etmir, eyni zamanda fiziki müayinə, laborator analizlər və həkimin peşəkar qiymətləndirməsi zəruridir. Bəs, süni intellektin verdiyi tibbi məlumatlara güvənmək nə qədər doğrudur? Mövzu ilə bağlı Sonxeber.az-a Uzman Pulmonoloq Aynur Məmmədova danışıb. O, açıqlamasında qeyd edib ki, heç bir süni intellekt həkim kimi differensial diaqnoz apara bilməz: "Süni intellekt artıq dünyanın hər yerində və demək olar bütün sahələrdə tətbiq olunur. Amma hələ kifayət qədər inkişaf etməyib, xüsusilə də tibb sahəsində. Tibbdə yalnız simptomlar, yəni şikayətlər deyil, eyni zamanda fiziki və obyektiv müayinə də çox önəmlidir. Məsələn, ağciyər xəstəliklərində xəstənin ağciyərlərini dinləmək vacibdir, amma ChatGPT-nin hazırda belə bir imkanı yoxdur. Həmçinin dərman istifadəsi ilə bağlı da risklər var. Elə insanlar var ki, sadəcə ChatGPT-də yazılanlara baxıb dərman qəbul edirlər. Halbuki heç bir süni intellekt həkim kimi differensial diaqnoz apara bilməz. Bu, çox çətindir və orada yazılan məlumatların yanlış olma ehtimalı da yüksəkdir. Yəni, ChatGPT-də deyilən hər bir məlumat doğru deyil. Hazırda ChatGPT dəbdədir, insanlar şəxsi həyatları da daxil olmaqla bir çox şeyi orada bölüşürlər. Məsələn, bir həkim astma ilə bağlı təqdimat hazırlayarkən ChatGPT-dən istifadə etsə, həmin məlumat sistemdə qala bilər. Daha sonra başqa bir şəxs astma barədə sorğu verdikdə, ChatGPT həmin məlumatlardan istifadə edərək cavab təqdim edə bilər. Bu səbəbdən ChatGPT-yə tam güvənmək düzgün deyil". Vüsalə İbrahimli

Mənbə: https://sonxeber.az