Bi̇g Media Qrupuna Qanunsuz Təzyiq: Su Təchizatı Kəsildi!

Bakıdakı BİG Media Group ofisinin su təchizatı, binaya xidmət edən "Genay" MTK tərəfindən əsassız olaraq dayandırılıb. Şirkətə 560 manat borc təqdim edilib, lakin BİG Media bu məbləğin əsassız olduğunu bildirir.

MTK, borcun komendant pulu, zibil atılması və qarajdan istifadə haqqı ilə əlaqəli olduğunu iddia edir. Halbuki, BİG Media ofisi qarajdan istifadə etmir və göstərilən digər xidmətlərdən də yararlanmır.

Buna baxmayaraq, "Genay" MTK tərəfindən irəli sürülən əsassız tələb ödənilmədiyi üçün su təchizatı dayandırılıb. BİG Media bu addımı media qurumuna qarşı təzyiq kimi qiymətləndirir və qanunsuz hesab edir.

MTK-nın heç bir hüquqi əsas olmadan ödəniş tələb etməsi qəbuledilməzdir. Xüsusilə də göstərilməyən xidmətlərə görə pul tələb olunması və bunun qarşılığında suyun kəsilməsi ciddi qanun pozuntusudur.

BİG Media, bu cür addımların MTK-ların səlahiyyət həddini aşdığını düşünür. Media qurumunun fəaliyyətinə maneə yaradan bu qanunsuz qərarla bağlı müvafiq qurumlara müraciət edilib.