Abşeron rayonunun Pirəkəşkül kəndində yerləşən 21 saylı uşaq bağçasında övladı bağçaya gedən valideynlərdən biri iddia edir ki, onun 5 yaşlı qızı bağçanın müdiri Xədicə Vəliyeva tərəfindən səhər yeməyi vaxtı qovulub.
Valideyn iddia edir ki, hadisəyə səbəb həyat yoldaşının bağçanın şəraitindən narazılığını dilə gətirməsi olub.
Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəssisəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bəs görəsən bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Bu barədə sosioloq Üzeyir Şəfiyev Sonxeber.az -a açıqlama verib:
"Hesab edirəm ki, bağçalar və məktəbəqədər təhsil müəssisələri ictimaiyyətə və mətbuata açıq olmalıdır. Çünki söhbət gələcəyimiz olan uşaqların həyatından və təhlükəsizliyindən gedir. İstər qida təhlükəsizliyi, istərsə də oradakı mühit—bunların hər biri ictimaiyyət üçün şəffaf olmalıdır. İnsanlar orada baş verən prosesləri mütəmadi olaraq izləyə bilməlidir. Bu sahədə sosial nəzarət mexanizminin gücləndirilməsinə ehtiyac var. Belə olarsa, həm bağçalarda, həm də məktəbəqədər təhsil müəssisələrində neqativ halların qarşısı alınar və daha şəffaf mühit yaranar. Sözügedən məsələ isə daha ətraflı araşdırılmalıdır".
Mənbə: https://sonxeber.az