Azyaşlıların Sürət Marağının Səbəbi Nədir? - AÇIQLAMA

Dünən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub. İdarəetməni itirən "Mercedes" markalı avtomobil dəmir baryeri qıraraq aşıb. Hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş. O, Göygöl rayonu Qızılca Kənd Rafiq Məmmədov adına 2 Nömrəli tam orta məktəbdə təhsil alırmış. Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub. Avtomobili o idarə edirmiş. Bəs görəsən azyaşlıların, xüsusilə, oğlanaların sürət marağı nədən irəli gəlir? Bu barədə psixoloq A.Qədirli Sonxeber.az -a açıqlama verib: "Azyaşlı oğlanlarda sürətə həvəs əslində sadəcə motosiklet və ya avtomobil marağı deyil. Bu, özünü sübut etmə ehtiyacı ilə başlayan və zamanla davranış modelinə çevrilən bir instinktdir. Uşaq və gənc özünü hələ tam formalaşdırmayıb, amma artıq güclü, bacarıqlı, qorxmaz biri kimi görünmək istəyir. Sürət ona bunu ən tez verən vasitədir. Bir neçə saniyədə ürək döyüntüsü artır, adrenalinin verdiyi güc hissi yüksəlir və o, sanki böyüyür, "özünü tapır". Problem ondadır ki, beynin riskləri qiymətləndirən bölməsi bu yaşlarda hələ tam inkişaf etməyib. Yəni uşaq "nəticə nə olacaq?" sualını düşünmür, o an yaşadığı həyəcan onun üçün gerçəyi üstələyir. Burada ailə modelinin rolu böyükdür. Əgər evdə və ya yaxın çevrədə kişi fiqurları sürəti, risk almanı, "qorxmamağı" kişilik göstəricisi kimi təqdim edirsə, uşaq bunu səsiz şəkildə özünə qayda edir. O, sevgini və qəbul edilməyi belə davranışlarla qazanacağını düşünür. Sosial media da bu prosesi gücləndirir. Bir neçə saniyəlik video ilə qəhrəman olmaq, diqqət çəkmək, dostlar arasında "cool" görünmək çox asandır. Uşaq düşünmür ki, həmin videonun arxasında neçə uşaq xəstəxanaya düşüb, ya da həyatdan gedib. O, yalnız nəticəni deyil, görüntünü görür. Bütün faciələr isə məhz bu düşüncə boşluğundan doğur. Sürət imkan tələb etmir, amma nəticəni idarə etmək təcrübə və düşüncə tələb edir. Azyaşlı bunu bacarmır. Dəhşətli qəzalar, yaralanmalar və həyatını itirən gənclər məhz "mənə heç nə olmaz" düşüncəsinin real nəticəsidir. Bu marağı qadağa ilə yox etmək mümkün deyil. "Etmə, minmə, sürmə" demək sadəcə gizli şəkildə daha çox maraq oyadır. Uşaq sürətdən deyil, güc hissindən imtina etmək istəmir. Ona görə valideynlər həmin "gücün" başqa yollarla yaşanmasını təmin etməlidirlər. İdman, dağa yürüş, velosiped turları, təkbətək məşq, məsuliyyət tələb edən hobbilər uşağa "mən bacarıram" hissini təhlükəsiz şəkildə verir. Ən vacibi isə ata və ya ailədə nüfuz sahibi olan kişi şəxs özü davranışı ilə nümunə olmalıdır. Uşaq sözə yox, gördüyünə inanır. Azyaşlıların sürət arzusu onlarda dəyər qazanmaq və öz yerini tapmaq cəhdidir. Bu ehtiyacı başa düşüb düzgün istiqamətləndirmədikdə nəticə çox vaxt bir anın içində geri dönməyən faciəyə çevrilir"